Biotexnologiya - Azərbaycanca nəşrə ön söz

 



Bu kitabdakı qərb mənşəli xüsusi isimlərin yazılışı onu vərəqləyəcək

oxucunun diqqətini ilk səhifələrdən etibarən cəlb

edəcəkdir. Belə ki, latın əlifbalı dillərdən alınan xüsusi isimlər

hazırda qüvvədə olan qaydanın tələb etdiyi kimi transliterasiya

edilməmiş, olduğu kimi saxlanılmışdır. Bu prinsip, həmçinin,

qısaltmalara da tətbiq olunmuşdur. Qısası, biz qaydanı bilərəkdən

pozmuşuq. Ancaq bizi bu addımı atmağa sövq edən əsaslı

səbəblərimiz var.


Biz alınma adların yazılışında dünya pratikasının tətbiq

edilməsinin tərəfdarıyıq. Dünya praktikası dedikdə, bəşəriyyətin

qabaqcıl və böyük dillərinin istifadə etdiyi qaydalar başa

düşülməlidir. Belə ki, latın əlifbalı böyük dünya dilləri, yəni

alman, ispan, fransız, italyan, holland, polyak, portuqal, isveç

və türk dilləri xarici xüsusi isimləri orjinalda olduğu kimi yazır.

Azərbaycan dilində də eyni prinsipin tətbiq edilməli olduğu ilə

bağlı iddiamızı daha əvvəl yayımlanmış bir məqalədə əsaslandırmağa

çalışmışıq (Alışbəyli və Zeyniyev, 2020)


Oxucu başqa dillərin təcrübələri ilə bağlı dediklərimizin

səhihliyini kiçik bir araşırmayla yoxlaya bilər. Vikipediyada

Charles Darwin məqaləsinə malik 114 latın əlifbalı dilin 107-

si

alimin adını ingilis dilində olduğu kimi, Charles Darwin şəklində

yazır. İtalyan və türk dilləri kimi əlifbalarında “w” hərfi

olmayan dillər belə bu prinsipi tətbiq edirlər. Alimin adını

transliterasiya edən 7 latın əlifbalı dildən 4-ü kiçik baltik dilləri,

biri süni lojban dilidir (bu dildə həmin ad carl.daruin. şəklində

yazılır). Sözügedən prinsipi tətbiq etməyən və adları transliterasiya

edən (bu nümunədə, Çarlz Darvin) 7-ci dil isə azərbaycan

dilidir. Yuxarıda adı çəkilən dillərin heç birinin istifadəçi sayı

azərbaycan dilinin istifadəçi sayına yaxın deyil. Buna görə də

həmin dillərin heç birinin üzərində bizim hiss etməkdə olduğumuz

dərəcədə standartlaşdırılma təzyiqi yoxdur.


Abreviaturalara gəldikdə azərbaycan dilinin hazırda qüvvədə

olan qaydalarına dəyişiklik etmək zərurəti daha çox hiss

edilir. Oxucu yenə kiçik bir vikipediya axtarışı ilə canlıların

əsas genetik maddəsinin adının yazılışı ilə bağlı dünya praktikasını

öyrənə bilər: DNA (deoxyribonucleic acid) qısaltması 10

böyük dildən 7-sində qorunmaqdadır. Məsələn, alman dilində

qısaltma DNS (desoxyribonukleinsäure) olmalı ikən, bu dildəki

elmi əsərlərin böyük əksəriyyətində məhz DNA qısaltmasından

istifadə olunur. Həmçinin, biologiya elminin ən təməl

istinad kitablarından biri hesab olunan Campbell Biologiya

əsərinin alman dilinə tərcüməsində RNS deyil, RNA istifadə

olunmuşdur2. Bənzər şəkildə, ispan dilində ATF (isp. adenosin

trifosfato) yerinə ATP qısaltmasından istifadə olunur3


Üstəlik, təbiət elmlərinin, xüsusilə molekulyar biologiyanın

son 50 ildəki sürətli inkişafı ilə əmələ gələn nəhəng

data yığını özü ilə bərabər külli miqdarda yeni anlayış, termin

və qısaltma da doğurmuşdur. Təkcə, ribonuklein turşusunun

onlarla yeni tipi kəşf olunmuşdur: mRNA, tRNA, rRNA,

siRNA, piRNA, piwiRNA, miRNA, RNAi, ncRNA, snRNA,

lncRNA, scRNA, 7SL-RNA və sairə. Bütün bu molekulların

adlarını başqa bir dilə tərcümə edərkən, ardıcıl və geniş tətbiq

edilən qaydalara, asan əlçatan databazalara və istinad lüğətlərinə

ehtiyac yaranır.



Ən önəmli məqamlardan biri nukleotid kodunun (RNA və

ya DNA ardıcıllığı) A, T, G və C hərflərinin olduğu kimi saxlanılmasıdır.

Bu hərflərin biologiya dilindəki mövqeyi rəqəmlərin

riyazaiyyatdakı yerinə bənzəyir. Onları dəyişmək isə 3 milyard

hərflik insan genomu ardıcıllığını və onun ətrafında əmələ gəlmiş

saysız-hesabsız kodları “tərcümə etməyi” tələb edərdi.


Beləliklə, əslində, biz azərbaycan dilinin qüvvədə olan

qaydalarından kənara çıxmaq hesabına dünya praktikasını tətbiq

etmiş və latın əlifbasına keçid prosesinin tamamlanmasına

öz töhfəmizi vermiş oluruq.


Əskiklilərdən söz açmışkən, bu gün azərbaycan dilinin ən

çox ehtiyac duyduğu rəqəmsal vasitələrə də toxunmaq istəyirik.

Bu baxımdan imla yoxlayıcısı (ing. spell checker) azərbaycan

dilində əskikliyi ən çox hiss olunan vasitələrdən biri, bəlkə

də birincisidir. Məhz belə bir vəsait mövcud olmadığına görə,

əlinizdəki kitabın tərcüməsi və çapa çapa hazırlanması prosesində

olduğu kimi, əksər hallarda, türk dili üçün nəzərdə tutulmuş

vasitələr istifadə edilməli olur. Lakin iki dil arasındakı

fərqliliklər bu üsulun kifayət qədər effektiv olmamasına və

bəzi qaçılmaz səhvlərə səbəb olur. Əgər lazımi vasitələr əlçatan

olsaydı, bu kitabda daha az imla və tərtibat xətası olardı.

Bütün bu çatışmazlıqlara baxmyaraq, məhdud qaynaqlarımızla

kitabın mümkün olan ən yaxşı halıyla oxucuya çatması üçün

əlimizdən gələni etmişik. Gözümüzdən yayınan səhvlərə görə

isə oxucudan üzr istəyirik.


Habitat komandası



Thieman və Palladino tərəfindən yazılmış əlinizdəki Biotexnologiya:

Giriş kitabı Habitat komandası tərəfindən, Socar

Midstream şirkətinin təşkilati və maliyyə dəstəyi ilə həyata

keçirilən layihə çərçivəsində tərcümə edilmişdir. Komandanın

təsisçisi, layihə rəhbəri və kitabın elmi redaktoru Araz Zeyniyev,

tərcüməçi Nuranə Mirzə, ədəbi redaktor Araz Bağırov,

layihə koordinatoru Arzu Şıxlı, kitabı çapa hazırlayan Valiyə

Məmmədzadə, mühasib Bahar Allahverdiyeva və layihə təşkilatçısı

Həcər Hüseynovadır.


Təşəkkürlər



Bu kitabının ərsəyə gəlməsində bizə kömək etmiş şəxslərə

təşəkkür borcluyuq. Bəzi terminlərin araşdırılmasına sərf

etdiyi əməyə görə Dürdanə Rəciliyə, təşkilati işlərdəki köməklərinə

görə Gülər Abbaslıya, Nicat Məmmədbəyliyə, Nicat

Qarayevə, Xəyyam Namazova və xüsusilə, Səməd Rəhimliyə,

kitabın tərtibində və çapa hazırlanmasının son mərhələsindəki

köməyinə, habelə düzəlişlərinə görə Rənan Əsədova, tərcümə

prosesinə elmi məsələlərlə bağlı verdiyi töhfəyə görə Sadiq

Niftullayevə və kompüter proqramları ilə bağlı köməyinə görə

Xasməmməd Şabanova təşəkkür edirik.


Comments

Popular posts from this blog

İzahlı lüğət

Təkamülün neytral nəzəriyyəsi və onun tarixi