Biotexnologiya - Azərbaycanca nəşrə ön söz
Bu kitabdakı qərb mənşəli xüsusi isimlərin yazılışı onu vərəqləyəcək oxucunun diqqətini ilk səhifələrdən etibarən cəlb edəcəkdir. Belə ki, latın əlifbalı dillərdən alınan xüsusi isimlər hazırda qüvvədə olan qaydanın tələb etdiyi kimi transliterasiya edilməmiş, olduğu kimi saxlanılmışdır. Bu prinsip, həmçinin, qısaltmalara da tətbiq olunmuşdur. Qısası, biz qaydanı bilərəkdən pozmuşuq. Ancaq bizi bu addımı atmağa sövq edən əsaslı səbəblərimiz var. Biz alınma adların yazılışında dünya pratikasının tətbiq edilməsinin tərəfdarıyıq. Dünya praktikası dedikdə, bəşəriyyətin qabaqcıl və böyük dillərinin istifadə etdiyi qaydalar başa düşülməlidir. Belə ki, latın əlifbalı böyük dünya dilləri, yəni alman, ispan, fransız, italyan, holland, polyak, portuqal, isveç və türk dilləri xarici xüsusi isimləri orjinalda olduğu kimi yazır. Azərbaycan dilində də eyni prinsipin tətbiq edilməli olduğu ilə bağlı iddiamızı daha əvvəl yayımlanmış bir məqalədə əsaslandırmağa çalışmışıq (Alışbəyli və Zeyniyev, ...