1950-ci illərdə və 1960-cı illərin əvvəllərində proteinlərin aminturşu ardıcıllığının təyin edilməsinə imkan verən metodlar işlənib hazırlandı. Bu yeniliklərin nəhayət fundamental təkamülün mexanizmini gün ışıına çıxaracağı gözlənilirdi. Lakin müxtəlif canlıların protein ardıcıllıqları əldə edildikcə, bir ziddiyyət özünü göstərməyə başladı. Məsələn, qlobin və sitoxrom kimi proteinlərin aminturşu ardıcıllığı hər hansı iki canlı növü arasında fərqlilik sərgiləyirdi. Sözügedən növlərin ortaq əcdaddan ayrılmasında keçən zaman nə qədər böyükdürsə, aminturşu fərqi də bir o qədər böyük olurdu. Proteinin funksiyası isə bu kimi fərqlərə baxmayaraq, dəyişməz olaraq qalırdı. Hemoqlobin nümunəsində, protein toxumalara oksigen daşımaq funksiyasını qorumuş, sitoxrom c nümunəsində də elektron daşıma işində dəyişiklik baş verməmişdir (Şəkil 20.7) . Olduqca müxtəlif canlı növləri arasında bu proteinlərin aminturşu ardıcıllığı dəyişsə də, funksiyaları qorunmuşdur.